BAKI, 26 sentyabr. TELEQRAF
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən görüşdə regional və beynəlxalq məsələlər, Azərbaycanın BMT çərçivəsində fəaliyyəti, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Tərəflər Azərbaycanın BMT və onun ixtisaslaşmış qurumları çərçivəsində fəal iştirakına, beynəlxalq hüquqa və BMT Nizamnaməsinin prinsiplərinə verdiyi töhfələrə toxunublar.
Görüşdə Azərbaycanın humanitar təşəbbüsləri, donor ölkə kimi fəaliyyəti, qlobal iqlim gündəliyi və dayanıqlı inkişaf məsələləri də diqqət mərkəzində olub.
Ceyhun Bayramov Azərbaycanın COP29-a ev sahibliyindən, bərpaolunan enerji və regional nəqliyyat əlaqələrinin inkişafındakı rolundan danışıb.
Nazir həmçinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesində əldə olunan son irəliləyişlər barədə BMT-nin Baş katibinə məlumat verib.
Görüşdə Cənubi Qafqazda etimadın möhkəmləndirilməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, genişmiqyaslı bərpa-quruculuq və minatəmizləmə işləri də müzakirə edilib.