BAKI, 24 sentyabr. TELEQRAF
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Koordinasiya Toplantısında çıxış edib.
Teleqraf xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.
Nazir İƏT-in yeni Baş katibi İsmayıl Ould Şeyx Əhmədi təbrik edib, islamofobiyanın artmasına qarşı həmrəyliyin vacibliyini vurğulayıb və Azərbaycanın Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib.
Ceyhun Bayramov regionda hərbi münaqişələrin artmasından dərin narahatlığını ifadə edib. O, diplomatik səylərin gücləndirilməsinə, eləcə də dünyada müsəlman icmalarına qarşı ayrı-seçkilik və zorakılıqla mübarizədə İƏT ölkələrinin birgə fəaliyyət göstərməsinə çağırıb.
Xarici işlər naziri, həmçinin Azərbaycanın 2027-ci ildə İƏT Sammitinə ev sahibliyi etməsi ilə bağlı institusional hazırlıq işləri barədə məlumat verib.