BAKI, 18 sentyabr. TELEQRAF

Cənubi Koreya hökuməti ABŞ Prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Inla dialoqu bərpa etmək səylərini dəstəkləyir.

Teleqraf xəbər verir ki, bunu Cənubi Koreya Prezidenti Li Çje Myon Seulda keçirdiyi mətbuat konfransında bildirib.

Prezidentin sözlərinə görə, hazırda Şimali Koreya ilə ABŞ arasında dialoqun bərpası Seul və Pxenyan arasında birbaşa danışıqların başlanmasından daha real görünür. O hesab edir ki, Vaşinqton-Pxenyan təmaslarının bərpası sonradan Koreyalararası dialoqa da imkan yarada bilər. Seul bundan əvvəl də ABŞ və Şimali Koreya arasında danışıqların bərpası üçün “vasitəçi” rolunu oynamağa hazır olduğunu açıqlayıb.

Li Çje Myon Tramp və Kim Çen In arasında görüşün baş tutub-tutmayacağını söyləməyin mümkün olmadığını, lakin ABŞ Prezidentinin dialoq istədiyinin aydın olduğunu bildirib. O, Seulun belə danışıqların mümkün olması üçün əvvəlcədən koordinasiya işi apardığını qeyd edib.

Cənubi Koreya lideri Vaşinqton-Pxenyan danışıqları zamanı Seulun prosesdən kənarda qala biləcəyi ilə bağlı narahatlıqlara da münasibət bildirib. Onun sözlərinə görə, ilkin mərhələdə Cənubi Koreya birbaşa danışıqlarda iştirak etməsə belə, prosesdə mühüm rol oynamağa davam edəcək.

Tramp daha əvvəl Kim Çen Inla münasibətlərinin yaxşı olduğunu bildirərək Şimali Koreya lideri ilə yenidən dialoq qurmaq niyyətini açıqlayıb.