BAKI, 17 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Kanadaya Avropa İttifaqının (Aİ) assosiativ üzvü statusunun verilməsini “düşmən addım” kimi qiymətləndirəcəyi təqdirdə Avropa ölkələri ilə ticarəti məhdudlaşdıra biləcəyini bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Şimali Karolinada jurnalistlərin suallarını cavablandırarkən danışıb.
ABŞ liderinin sözlərinə görə, belə bir qərarın Vaşinqtona qarşı yönəldiyini hesab edərsə, Aİ-yə qarşı ciddi gömrük rüsumları tətbiq edə və bir sıra sahələrdə ticarəti dayandıra bilər.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen sentyabrın 16-da Kanadanın Aİ-nin ilk assosiativ üzvü olmasını təklif edib. Təklif Kanada ilə müdafiə, enerji, texnologiya və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur.
Kanadanın Baş naziri Mark Karni isə daha əvvəl ölkəsinin Aİ-yə tam üzvlüyə deyil, tərəflər arasında “unikal alyans”ın yaradılmasına çalışdığını bildirmişdi.