BAKI, 25 avqust. TELEQRAF

ABŞ Kubaya qarşı tətbiq edilən ticarət məhdudiyyətlərinin müddətini daha bir il uzadıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın ölkə hökumətinin rəsmi sənədlərinin dərc olunduğu Federal Reyestrdə yerləşdirilən bəyanatında bildirilib.

Sənəddə məhdudiyyətlərin uzadılmasının “Birləşmiş Ştatların milli maraqlarına cavab verdiyi” qeyd olunub.

Sentyabrın 14-də müddəti başa çatmalı olan Kubaya qarşı ticarət embarqosu daha bir il – 2027-ci il sentyabrın 14-dək uzadılıb.

Qeyd edək ki, ABŞ 1961-ci ildə Kubada Amerika mülkiyyətinin milliləşdirilməsindən sonra Havana ilə diplomatik münasibətləri kəsib. Ardınca Vaşinqton Kubaya qarşı ticarət-iqtisadi embarqo tətbiq edib.

2014-cü ildə ABŞ-nin o vaxtkı Prezidenti Barak Obama iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə başladığını açıqlayıb və sanksiyaların bir hissəsini yumşaldıb. Donald Trampın hakimiyyətə gəlməsindən sonra isə Vaşinqtonun Kuba siyasəti yenidən sərtləşdirilib.