BAKI, 14 avqust. TELEQRAF
İran ABŞ ilə vasitəçilər üzərindən danışıqları davam etdirir və diplomatik həll yolunu əsas prioritet hesab edir.
Teleqraf xəbər verir ki, bunu İranın Tailanddakı səfiri Nəsrəddin Heydəri deyib.
“Vasitəçilər üzərindən danışıqlar davam edir. Əsas məsələ Amerika tərəfinin öz öhdəliklərini nə dərəcədə vicdanla yerinə yetirmək niyyətində olmasıdır. Diplomatiya bizim prioritetimiz olaraq qalır, lakin biz hər zaman vətənimizi müdafiə etməyə hazırıq”, - səfir bildirib.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə döyüşlərin 60 gün müddətinə dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.
Daha sonra İsveçrənin Bürgenştok şəhərində Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İran nümayəndələri arasında memorandumun icrasına dair danışıqlar keçirilib.
Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşmaların şərtlərini pozmaqda ittiham edərək ölkəyə genişmiqyaslı zərbələri bərpa edib.