BAKI, 29 iyul. TELEQRAF

Korrupsiyada ittiham olunaraq həbs edilmiş keçmiş Argentina Prezidenti Kristina Fernandes de Kirşner məhkəmənin qərarından BMT-nin İnsan Hüquqları Komitəsinə şikayət etdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, keçmiş prezident açıq məktubunda bildirib: "Vətəndaşlıq borcum və həyatımı və hərəkətlərimi formalaşdıran dövlət qurumlarına hörmətim, eləcə də qurbanı olduğum qanunsuzluqdan qəzəblənərək bu gün BMT-nin İnsan Hüquqları Komitəsinə fərdi müraciət etdim".

Mətbuat konfransında Fernandes de Kirşnerin vəkilləri prokurorların və Argentina hakimiyyətinin hərəkətlərindən narazılıqlarını dilə gətiriblər.

Vəkillər həmçinin ömürlük dövlət vəzifəsi tutma qadağasının ləğvini tələb edirlər: "BMT komitəsinin rəyi Argentina dövlətinin hörmət etməyə borclu olduğu bir qərardır. Komitə Argentina dövlətini qınaya bilər ki, o, qərarlarını yenidən nəzərdən keçirsin, pozuntuları etiraf etsin və tələb etdiyimiz müvəqqəti tədbirləri həyata keçirsin".

10 iyun 2025-ci ildə Ali Məhkəmə Fernandes de Kirşneri korrupsiya ittihamları ilə altı il müddətinə azadlıqdan məhrum edən aşağı məhkəmənin hökmünü qüvvədə saxlayıb. Məhkəmə həmçinin ona dövlət vəzifələrində işləməyi də qadağan etdi. 73 yaşlı keçmiş dövlət başçısının yaşı nəzərə alınaraq cəzasını ev şəraitində çəkəcək.

Fernandes de Kirşner 2007-ci ilin dekabrından 2015-ci ilin dekabrına qədər Argentinanın prezidenti vəzifəsində çalışıb. 2019-cu ildən 2023-cü ilə qədər vitse-prezident vəzifəsində çalışıb. 2022-ci ilin dekabrında məhkəmə onu Santa Kruz əyalətindəki infrastruktur layihələri ilə bağlı korrupsiyaya görə altı il müddətinə azadlıqdan məhrum edib. Keçmiş dövlət başçısı ittihamları rədd edir və özünü siyasi təqib qurbanı sayır.