BAKI, 28 iyul. TELEQRAF

Milli Məclisin sədri Sahibə Qafarova Efiopiyaya rəsmi səfəri çərçivəsində iyulun 28-də bu ölkənin Xalq Nümayəndələri Palatasının sədri Taqasse Çaffo ilə görüşüb.

Bu barədə Teleqraf-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, ölkəsinin Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verdiyini deyən T. Çaffo qeyd edib ki, Azərbaycan parlamentinin spikerinin bu səfəri qanunvericilik orqanları arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə verəcək.

S. Qafarova da, öz növbəsində, bildirib ki, bu səfər Azərbaycanın qarşılıqlı münasibətlərə verdiyi yüksək dəyərin göstəricisidir.

Görüşdə Efiopiya Prezidenti Taye Atske Sellasiye və baş nazir Abiy Əhməd Əlinin Azərbaycana səfərləri, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdikləri görüşlər zamanı ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələrin aparıldığı xatırladılıb.

Söhbət zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2026-cı ilin yanvar ayında Efiopiyaya səfərinin əhəmiyyəti vurğulanıb.

İki ölkə arasında turizm, biznes, qarşılıqlı investisiya qoyuluşu, mədəni və humanitar sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd edilib. Bu əməkdaşlığın uğurlu göstəricisi kimi, "ASAN xidmət" modelinin Efiopiyada da tətbiq olunması, bu modelin Efiopiyada Azərbaycanın izi kimi qiymətləndirildiyi bildirilib.

Görüşdə parlamentlərarası münasibətlərin daha da inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Sahibə Qafarova Taqasse Çaffonu Azərbaycana rəsmi səfərə dəvət edib və dəvət məmnunluqla qəbul olunub.

Vurğulanıb ki, parlamentlərimiz arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensial mövcuddur. Bu baxımdan, parlament sədrlərinin və dostluq qruplarının qarşılıqlı səfərlərinin əhəmiyyəti qeyd edilib.

Efiopiya Parlamenti Xalq Nümayəndələri Palatasının sədri hazırda ölkəsinin qanunvericilik orqanında islahatlar həyata keçirildiyini bildirib və Azərbaycanın bu sahədəki təcrübəsinin onlar üçün maraqlı olduğunu vurğulayıb.

Tərəflər həmçinin BMT, Parlamentlərarası İttifaq, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və digər beynəlxalq təşkilatlarda əməkdaşlığın əhəmiyyətini qeyd ediblər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.