BAKI, 25 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Səudiyyə Ərəbistanı Vaşinqtonla nüvə energetikası sahəsində əməkdaşlıq sazişinin əsas şərti barədə əvvəldən məlumatlı olub.
Teleqraf xəbər verir ki, Ağ evdə jurnalistlərin suallarını cavablandıran Tramp bildirib ki, Ər-Riyad ABŞ ilə saziş imzalamaq üçün mütləq "İbrahim sazişləri"nə qoşulmalıdır.
"Bu, əvvəldən nəzərdə tutulurdu. Kris də bunu bilirdi, Səudiyyə Ərəbistanı da. Əgər onlar "İbrahim sazişləri"nə qoşulmasalar, mən həmin sazişi imzalamayacağam", - ABŞ Prezidenti deyib.
Bundan əvvəl CNN telekanalı Trampın ABŞ-nin energetika naziri Kris Raytın Səudiyyə Ərəbistanı ilə nüvə energetikası sahəsində razılaşmanı əvvəlcədən onunla razılaşdırmamasından narazı qaldığını bildirmişdi. Məlumata görə, bundan sonra Tramp sosial şəbəkədə yazaraq sazişin təsdiqlənməsi üçün Ər-Riyadın "İbrahim sazişləri"nə qoşulmasının vacibliyini vurğulayıb və razılaşmanın uranın zənginləşdirilməsini nəzərdə tutmadığını qeyd edib.
ABŞ Energetika Nazirliyi iyulun 22-də Vaşinqtonun Səudiyyə Ərəbistanının dinc nüvə proqramını dəstəkləməsinə dair saziş imzalandığını açıqlayıb. Bildirilib ki, sənəd baxılması üçün ABŞ Konqresinə təqdim olunub.
Nazirliyin məlumatına əsasən, uzunmüddətli xarakter daşıyan saziş ABŞ şirkətlərinin Səudiyyə Ərəbistanının nüvə energetikası proqramında geniş iştirakına imkan yaradacaq və nüvə təhlükəsizliyi ilə nüvə silahının yayılmaması sahəsində ən yüksək beynəlxalq standartlara uyğun olacaq.