BAKI, 25 iyul. TELEQRAF
Fransanın cənub-qərbində davam edən genişmiqyaslı meşə yanğını son 50 ilin ən dağıdıcı təbii fəlakəti kimi qiymətləndirilir.
Teleqraf xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.
Bildirilib ki, hazırda 14 min hektar ərazini əhatə edən yanğın miqyasına görə 2022-ci ildə Jirond departamentinin Landira bölgəsində 12,5 min hektar sahəni məhv edən yanğını geridə qoyub. Nəşrin yazdığına görə, alovun əhatə etdiyi ərazi artıq Paris şəhərinin sahəsini ötüb.
Le Figaro qeyd edir ki, bu nəticə 2006-cı ildən etibarən bütün Fransa üzrə, 1973-cü ildən isə Aralıq dənizi regionu üzrə meşə yanğınlarını əhatə edən məlumat bazası əsasında müəyyənləşdirilib. Siyahıda ilk üçlüyə həmçinin Var departamentinin Vidoban kommunası yaxınlığında 11,5 min hektar ərazini əhatə edən meşə yanğını daxildir.
Fransanın daxili işlər naziri Loran Nunez daha əvvəl TF1 telekanalına bildirib ki, Jirond departamentində alovun əhatə etdiyi sahə 14 min hektara çatıb. Küləyin istiqamətinin dəyişməsindən sonra yanğın regional mərkəz olan Bordo şəhəri istiqamətində irəliləyir.
Hazırda təbii fəlakət zonasından 110 min nəfər təxliyə edilib. Yaxın vaxtlarda Bordo aqlomerasiyasına daxil olan kommunaların sakinlərinin də təxliyəsinə başlanılması planlaşdırılır.