BAKI, 15 iyul. TELEQRAF

ABŞ Konqresində Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinin yenilənmiş variantı təqdim edilib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi sənədin mətninə istinadən məlumat yayıb.

Məlumata görə, yeni redaksiyada Rusiya nefti və qazının alınmasına görə üçüncü ölkələrə tətbiq oluna biləcək rüsumların həcmi əvvəlki 500%-dən 100%-ə endirilib. Bu dəyişiklik əsasən Rusiyanın enerji resurslarının ən böyük alıcılarına şamil olunur.

Sənəddə həmçinin Rusiyadan idxal edilən neft və qazın payı ümumi enerji idxalının 15%-dən az olan ölkələr üçün istisna nəzərdə tutulur. Bunun üçün həmin dövlətlərin Rusiyadan enerji asılılığını azaltmaq istiqamətində ciddi addımlar atması tələb olunur.

Qanun layihəsinin yenilənmiş variantı ABŞ Prezidenti Donald Trampa milli maraqlara uyğun hesab etdiyi hallarda sanksiyaların tətbiqini dayandırmaq səlahiyyəti də verir.

"Reuters" yazır ki, sənəd ABŞ Konqresində respublikaçı və demokrat senatorlardan ibarət ikipartiyalı qrup tərəfindən yenidən işlənərək təqdim olunub.

Xatırladaq ki, Donald Tramp daha əvvəl Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinin qəbul olunma ehtimalının yüksək olduğunu bildirsə də, onun bəzi əsas müddəalarının hələ nəzərdən keçirilməli olduğunu vurğulamışdı.