BAKI, 13 iyul. TELEQRAF
Fransa və Ukrayna da daxil olmaqla on Avropa ölkəsi ballistik raketlərin yaratdığı artan təhlükəyə qarşı Anti-Ballistik Raket Koalisiyasının yaradıldığını elan edib.
Teleqraf xəbər verir ki, Fransanın paytaxtı Parisdə Prezident Emmanuel Makronun ev sahibliyi ilə Ballistik Raket Əleyhinə Koalisiyasının iclası keçirilib.
Görüşdən sonra Danimarka, Fransa, Almaniya, İtaliya, Hollandiya, Norveç, İspaniya, İsveç, Ukrayna və İngiltərə liderləri birgə yazılı bəyanat yayıblar.
Bəyanatda qeyd olunur ki, sözügedən ölkələrin liderləri ballistik raketlərin yaratdığı təhlükədən və Avropa qitəsi üçün müdafiə imkanlarının artan əhəmiyyətindən xəbərdardırlar.
Ballistik raketlərə qarşı sırf müdafiə koalisiyanın yaradıldığını bildirən mətndə aşağıdakılar yer alıb: “Biz koalisiyanın anti-ballistik imkanların inkişaf etdirilməsi üçün yorulmadan çalışmağa yönəlmiş flaqman layihəsini dəstəklədiyimizi bildiririk”.
Bəyanatda koalisiyanın beynəlxalq öhdəliklərinə və hüquqi çərçivəyə uyğun olaraq ilkin əməliyyat potensialı üçün yol xəritəsi yaradacağı bildirilir.