BAKI, 28 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp administrasiyasının araşdırmaları fonunda Meksikanın hakim partiyasının bəzi nümayəndələrinin Vaşinqtona həmkarları barədə məxfi məlumatlar ötürdüyü iddia olunur.
Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Meksikanın hakim Morena partiyasının da daxil olduğu bəzi dövlət rəsmiləri ABŞ hakimiyyəti ilə gizli əməkdaşlığa başlayaraq həmkarları barədə məlumat paylaşırlar.
Bildirilir ki, bu təmaslar Donald Tramp administrasiyasının narkokartellərlə əlaqədə şübhəli bilinən Meksika rəsmilərinə qarşı apardığı araşdırmalar fonunda intensivləşib. Daha əvvəl ABŞ Meksikanın vəzifədə olan və keçmiş 10 dövlət rəsmisinə qarşı ittiham irəli sürmüşdü.
Meksika Prezidenti Klaudiya Şeynbaum bu araşdırmaları xarici müdaxilə adlandıraraq onları tənqid edib və bunun Meksikaya siyasi təzyiq göstərmək cəhdi olduğunu bildirib.
Bununla belə, qəzetin mənbələrinin sözlərinə görə, ən azı onadək meksikalı siyasətçi, o cümlədən qubernatorlar və deputatlar ABŞ tərəfi ilə həmkarları barədə məlumat ötürülməsini müzakirə edir. Onlardan bəziləri artıq Amerika rəsmiləri ilə daha rəsmi əməkdaşlıq formatına keçiblər.
Mənbələr bildirirlər ki, bir çox məmur mümkün araşdırmalardan yayınmaq üçün əvvəlcədən ABŞ ilə əməkdaşlığa üstünlük verir. Nəşrin iddiasına görə, bu prosesdə ABŞ-nin Narkotiklərlə Mübarizə İdarəsi (DEA) də bəzi meksikalı siyasətçilərə əməkdaşlıq təklifləri ilə müraciət edib.