BAKI, 25 iyun. TELEQRAF
Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 291 nəfərə çatıb.
Teleqraf xəbər verir ki, Konqo Rabitə və KİV Nazirliyinin gündəlik bülleteninə əsasən, son 24 saat ərzində daha 14 nəfərin ölümü təsdiqlənib.
Məlumata görə, ölkədə Ebola virusuna yoluxanların sayı daha 24 nəfər artaraq 1118-ə yüksəlib. Hazırda ölüm göstəricisi 26 faiz təşkil edir.
Bildirilir ki, xəstəxanalar və tibbi təcrid mərkəzlərində 408 nəfər müalicə alır. İndiyədək 122 xəstə tam sağalaraq evə buraxılıb. Xəstələrlə təmasda olan şəxslərin izlənilməsi göstəricisi isə 77,1 faizdir.
Nazirlik qeyd edib ki, epidemioloji nəzarət tədbirləri davam etdirilir. Ebola şübhəsi ilə bağlı 699 xəbərdarlıq daxil olub. Onların 99,4 faizi araşdırılıb və nəticədə 138 ehtimal olunan yoluxma halı müəyyən edilib.
Qeyd edək ki, Konqoda hazırkı Ebola epidemiyası mayın 15-də ölkənin şərqində başlayıb. Xəstəliyin əsas yayılma ocağı İturi əyalətidir. Ebola halları qonşu Uqandada da qeydə alınıb.