BAKI, 25 iyun. TELEQRAF

ABŞ, Livan və İsrailin hərbi nümayəndə heyətləri Vaşinqtonda keçirilən danışıqlarda Livanın cənubunda hazırda İsrailin nəzarətində olan ərazilərdə yaradılması planlaşdırılan "pilot zonaları"nın coğrafi sərhədlərini müzakirə edirlər.

Teleqraf xəbər verir ki, Livan Prezident Administrasiyasının yaydığı məlumata görə, danışıqların beşinci raundu çərçivəsində keçirilən üçtərəfli görüşdə bu zonaların yaradılması istiqamətində irəliləyiş əldə olunub.

Bildirilib ki, İsrail qoşunları həmin ərazilərdən çıxarıldıqdan sonra "pilot zonaları" Livan ordusunun nəzarətinə veriləcək. Hazırda tərəflər zonaların sərhədləri və əldə olunan razılaşmaların həyata keçirilməsi mexanizmini müzakirə edirlər.

Qeyd edək ki, "pilot zonaları"nın yaradılması təşəbbüsü ABŞ tərəfindən iyunun 2-3-də Vaşinqtonda keçirilən danışıqların dördüncü raundunda irəli sürülüb. Layihəyə əsasən, Livan ordusu bu ərazilərdə təhlükəsizliyi təmin etmək və Hizbullah hərəkatının mümkün fəaliyyətinin qarşısını almaq qabiliyyətini nümayiş etdirməlidir. Təşkilatın silahlı qüvvələrinin Litani çayının cənubundan tam çıxması nəzərdə tutulur.

Bundan əvvəl Livan Prezidenti Cozef Aun bəyan etmişdi ki, Vaşinqtondakı danışıqlar atəşkəs rejiminin möhkəmləndirilməsi, İsrail qoşunlarının çıxarılması, Livan ordusunun yerləşdirilməsi və müharibədən sonrakı bərpa prosesinin başlanmasına yönəlib.