BAKI, 25 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin əvvəlində Minab şəhərində yerləşən məktəbə endirilən zərbənin ABŞ Silahlı Qüvvələri tərəfindən həyata keçirildiyini düşünmədiyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ evdə NATO-nun baş katibi Mark Rütte ilə görüşü zamanı jurnalistlərin Pentaqonun hadisə ilə bağlı araşdırmasının nəticələri barədə sualını cavablandırarkən danışıb.

"Düşünmürəm ki, bunu biz etmişik. Hesab etmirəm ki, bu, bizim zərbə olub. Həmin vaxt çoxlu raket buraxılırdı", - deyə ABŞ Prezidenti bildirib.

Qeyd edək ki, İran hakimiyyəti fevralın 28-də ABŞ və İsraili Minab şəhərindəki qızlar üçün ibtidai məktəbə zərbə endirməkdə ittiham edib. Tehran bu hücum nəticəsində 175 nəfərin, o cümlədən 168 məktəblinin həlak olduğunu, daha 95 nəfərin isə yaralandığını açıqlayıb.

Bundan sonra Donald Tramp hücumun İran Silahlı Qüvvələri tərəfindən törədildiyini iddia etsə də, bununla bağlı hər hansı sübut təqdim etməyib. Sonradan hadisə yerində aşkar olunan raket qalıqlarının ABŞ istehsalı olan sursatın nişanlarını daşıdığı bildirilib.