BAKI, 25 iyun. TELEQRAF
NATO-nun baş katibi Mark Rütte Ağ evdə ABŞ Prezidenti Donald Tramp ilə görüşü zamanı alyansın Vaşinqton üçün iqtisadi faydalarını nümayiş etdirən təqdimat keçirib.
Teleqraf xəbər verir ki, jurnalistlərin iştirakı ilə keçirilən görüşdə Rütte iri şriftlə çap olunmuş cədvəl və qrafikləri nümayiş etdirərək bildirib ki, Trampın 2017-ci ildə hakimiyyətə gəlişindən sonra Avropa ölkələri və Kanada müdafiəyə əlavə 1,2 trilyon dollar ayırıb.
"Bu, Trampın trilyonudur. Avropalılar və kanadalılar Tramp vəzifəyə gəldikdən sonra müdafiəyə bu qədər əlavə vəsait yatırıblar", - deyə NATO baş katibi bildirib.
Rütte əlavə edib ki, Avropa ölkələri ABŞ müdafiə sənayesinə yüz milyardlarla dollar dəyərində sifarişlər verir ki, bu da minlərlə yeni iş yerinin yaradılmasına imkan yaradır.
O, NATO-nun ABŞ üçün faydalı olduğunu vurğulayaraq, Avropanın müdafiə xərclərinin artırılması məsələsinin iki həftədən sonra Ankarada keçiriləcək NATO sammitində də müzakirə olunacağını bildirib.
NATO-nun baş katibi çıxışı zamanı Trampa təşəkkür edərək onun Avropa ölkələrini müdafiə xərclərini artırmağa sövq etdiyini deyib.
Rütte həmçinin amerikalı jurnalistlərə müraciətində Trampı "möhtəşəm prezident" adlandırıb və onu ABŞ-nin sabiq prezidenti Duayt Eyzenhauer ilə müqayisə edib.