BAKI, 25 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Rusiya, Çin və Türkiyənin ABŞ və İsrailin İranla müharibəsinə qoşulmamaq qərarını yüksək qiymətləndirdiyini bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu fikirləri Ağ evdə NATO-nun baş katibi Mark Rütte ilə keçirdiyi görüş zamanı səsləndirib.
ABŞ liderinin sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranı dəstəkləmək qərarı verə bilərdi, lakin onun xahişindən sonra münaqişəyə müdaxilə etməyib.
"Bilirsiniz, o, müharibəyə qoşulmadı. İran tərəfdən bu müharibəyə qoşulmaq ehtimalı ən yüksək olan namizədlərdən biri idi. Çünki İsraili o qədər də sevmədiyini bilirsiniz. Mən ondan xahiş etdim ki, müdaxilə etməsin və o da bunu etmədi", - deyə Tramp bildirib.
ABŞ Prezidenti əlavə edib ki, Si Cinpin də eyni mövqeni nümayiş etdirib.
"Çin neftinin təxminən yarısını həmin regiondan alır. Mən başa düşürdüm ki, onun müdaxilə etmək istəyi ola bilərdi. Ancaq xahiş etdim ki, bunu etməsin və o da etmədi", - Tramp qeyd edib.
ABŞ lideri həmçinin Vladimir Putin barədə danışaraq onun da münaqişədən kənarda qaldığını vurğulayıb.
"Ərdoğan güclü liderdir, əla hərbçidir. Mən ondan müdaxilə etməməyi xahiş etdim və o da bunu etdi. Eyni addımı Si Cinpin də atdı. Açığı, Putin də belə davrandı. Onun diqqət ayırmalı olduğu başqa məsələlər də var. Amma onların hamısı kənarda qaldılar. Bu, həqiqətən heyrətamiz idi və insanları təəccübləndirdi", - deyə Tramp əlavə edib.