BAKI, 9 iyun. TELEQRAF

Nyu-York polisinin komissarı Cessika Tiş ABŞ Prezidenti Donald Trampın NBA finalının üçüncü oyununa qatılacağı fonunda azarkeşləri biletsiz şəkildə "Medison Skver Qarden" arenasının ətrafına gəlməməyə çağırıb.

Teleqraf xəbər verir ki, Cessika Tiş bildirib ki, arena ətrafına gələn şəxslər hava limanlarındakı yoxlamalara və ya Tayms-Skverdə Yeni il tədbirləri zamanı tətbiq olunan təhlükəsizlik tədbirlərinə bənzər ciddi nəzarətlə üzləşəcəklər.

Arena ətrafındakı ərazi artıq iki metrlik hasarla əhatəyə alınıb. Oyunun başlamasına dörd saatdan çox vaxt qalmış yaxınlıqdakı bir sıra küçələr tamamilə bağlanacaq.

Məhdudiyyətlərdən yalnız oyuna gələn tamaşaçılar, dəmir yolu stansiyasına gedən sərnişinlər, yerli müəssisələrin müştəriləri və əməkdaşları, eləcə də akkreditasiyadan keçmiş jurnalistlər istisna olunacaqlar.

ABŞ Məxfi Xidmətinin Nyu-York bölməsinin rəhbəri Mett Makkulun sözlərinə görə, təhlükəsizliyin təmin edilməsinə xüsusi xidmət orqanlarının əməkdaşları, federal marşallar, nəqliyyat təhlükəsizliyi üzrə mütəxəssislər, taktiki qruplar və pilotsuz uçuş aparatları cəlb ediləcək. Bundan əlavə, ərazidə Nyu-York polisinin minlərlə əməkdaşı xidmət aparacaq.

Qeyd edək ki, NBA final seriyasının üçüncü oyunu çərçivəsində "Nyu-York Niks" və "San Antonio Spurs" komandaları "Medison Skver Qarden" arenasında qarşılaşacaqlar. Donald Tramp daha əvvəl bu oyuna qatılacağını açıqlamışdı.