BAKI, 31 may. TELEQRAF
İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənub bölgələrinə və Qərbi Bəkaa regionuna endirdiyi zərbələr nəticəsində son sutkada 16 nəfər ölüb, 34 nəfər yaralanıb. Bununla da hərbi eskalasiya başlayandan bəri ölənlərin sayı 3 371 nəfərə yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin "X" sosial şəbəkəsində dərc etdiyi məlumata görə, martın 2-dən etibarən həlak olanların sayı 3 371 nəfərə, yaralananların sayı isə 10 129 nəfərə çatıb.
Qurum İsrailin son günlər Livana qarşı hücumlarını daha da intensivləşdirdiyini və şəhərləri, kəndləri, eləcə də mülki infrastruktur obyektlərini fasiləsiz şəkildə hədəf aldığını bildirib.
Məlumata əsasən, gecə saatlarında Arnun, Baraşit, Kabrixa, Tibnit, Toulin, Habbuş, Xirbət-Silm və Əl-Qənduriyyə yaşayış məntəqələrinə hava zərbələri endirilib. Hazırda xilasedicilər dağıntılar altında axtarış-xilasetmə işləri aparırlar.
Rəsmilər ölən və yaralananların sayının arta biləcəyini istisna etmirlər.