BAKI, 31 may. TELEQRAF

Yunanıstan Çexiya vasitəsilə Ukraynaya 190 ədəd özüyeriyən və yedəkli artilleriya qurğusu təhvil verib.

Teleqraf xəbər verir ki, bu barədə Yunanıstanın pronews.gr portalı BMT-nin Adi Silahlar Reyestrinin (UNROCA) məlumatlarına istinadən xəbər yayıb.

Məlumata görə, 2025-ci il üzrə reyestr sənədlərində Yunanıstanın Çexiyaya ümumilikdə 190 artilleriya qurğusu ixrac etdiyi göstərilib. Bunlara 66 ədəd 203 millimetrlik M110A2 özüyeriyən haubitsa, 68 ədəd 155 millimetrlik M114 yedəkli haubitsa və 56 ədəd 105 millimetrlik M101 yedəkli haubitsa daxildir.

Portal qeyd edir ki, bu silah sistemləri köhnə olsa da, onların əksəriyyəti Egey dənizinin şərq hissəsində yerləşən Yunanıstan adalarında yerləşdirilmişdi və əvəzləyici vasitələr olmadan istismardan çıxarılıb.

Nəşrin məlumatına görə, silahların rəsmi alıcısı Çexiya olsa da, bu cür hərbi yüklər son nəticədə Ukraynaya çatdırılır.

pronews.gr yazır ki, sözügedən artilleriya qurğularından Ukrayna ordusunun istifadə etməsi onların köhnə olması ilə bağlı arqumentləri zəiflədir.

Portal həmçinin diqqətə çatdırıb ki, Yunanıstanın ada ərazilərində yerləşən hərbi hissələrinin zəiflədilməsi fonunda bu silahların göndərilməsi baş verib. Nəşr vurğulayır ki, bu proses Türkiyənin Egey dənizi və adalar üzərində Yunanıstanın suverenliyinə qarşı təhdidlərini artırdığı bir dövrə təsadüf edir.

Qeyd edək ki, BMT Baş Assambleyası 1991-ci ildə silahlanma sahəsində şəffaflığın artırılması məqsədilə Adi Silahlar Reyestrini yaradıb. Sənədə əsasən, üzv dövlətlər hər il əsas silah kateqoriyaları üzrə beynəlxalq tədarüklər barədə məlumat təqdim edirlər.