BAKI, 31 may. TELEQRAF

ABŞ-nin Florida ştatında federal hakim Prezident Donald Trampın ölkənin əsas vergi toplama qurumu olan Daxili Gəlirlər Xidmətinə (IRS) qarşı qaldırdığı iddia üzrə məhkəmə işinin yenidən baxılmasına razılıq verib.

Teleqraf xəbər verir ki, Tramp ilk prezidentlik dövründə vergi bəyannamələrinin mediaya sızdırılması ilə əlaqədar ən azı 10 milyard dollar məbləğində təzminat tələb edirdi.

Florida Cənub Dairə Məhkəməsinin elektron bazasında dərc olunan sənədlərə əsasən, bu ayın əvvəlində Trampla Daxili Gəlirlər Xidməti arasında məhkəmə işi bağlanmışdı. ABŞ Prezidenti iddiasını geri götürmüş, bununla yanaşı ABŞ Ədliyyə Nazirliyi razılaşmanın bir hissəsi kimi Tramp və ailəsinə cari vergi araşdırmaları üzrə toxunulmazlıq verildiyini nəzərdə tutan direktivi açıqlamışdı.

Bundan sonra 35 sabiq federal hakim məhkəməyə müraciət edərək işin yenidən açılmasını tələb edib. Onlar Ədliyyə Nazirliyinin razılaşmanın şərtlərini məhkəmədən gizlətdiyini bildiriblər.

Müraciətdən sonra hakim Ketlin Uilyams iddiaçı tərəfin iyunun 12-dək vəsatətə cavab təqdim etməsi və iddianın geri götürülməsi ilə bağlı mövqeyini izah etməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, Trampın vergi bəyannamələrinin mediaya sızdırılması məsələsi ABŞ-də uzun müddətdir siyasi və hüquqi müzakirələrin mövzusu olaraq qalır.