BAKI, 11 may. TELEQRAF

Mərakeşdə keçirilən “Afrika Şiri” hərbi təlimləri zamanı itkin düşən iki ABŞ hərbçisindən birinin meyiti tapılıb.

Teleqraf xəbər verir ki, bu barədə Mərakeş Silahlı Qüvvələrinin komandanlığı məlumat yayıb.

İlkin mənbəyə görə, Mərakeş və ABŞ ordusunun birgə həyata keçirdiyi axtarış-xilasetmə əməliyyatı nəticəsində hərbçilərdən birinin cəsədi ölkənin cənubunda yerləşən Kap-Draa bölgəsində qayalıq sahənin yaxınlığında aşkarlanıb.

Məlumata əsasən, meyit helikopter vasitəsilə Gelmim şəhərindəki hərbi hospitalın morquna çatdırılıb.

Mərakeş ordusu ikinci itkin düşmüş ABŞ hərbçisinin axtarışlarının davam etdiyini bildirib.

Xatırladaq ki, daha əvvəl hərbçilərin sonuncu dəfə Kap-Draa poliqonu yaxınlığındakı sahil qayalıqları ərazisində görüldüyü açıqlanmışdı. Onların qayadan Atlantik okeanına düşə biləcəyi ehtimal edilir.

Axtarış əməliyyatına Hərbi Dəniz Qüvvələrinin gəmiləri, Mərakeş xüsusi təyinatlı “Atlas” dəstəsinin snayperləri, mühəndis bölmələri, helikopterlər və döyüş pilotsuz aparatları cəlb olunub.

Qeyd edilir ki, nə Mərakeş, nə də ABŞ tərəfi hadisəni terror fəaliyyəti ilə əlaqələndirir.