BAKI, 11 may. TELEQRAF

İran ABŞ-nin müharibənin dayandırılması ilə bağlı son təklifinə çoxsəhifəli cavab göndərərək öz tələblərini ətraflı şəkildə təqdim edib, lakin tərəflər arasındakı əsas fikir ayrılıqları hələ də qalır.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti sənədlə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, İranın yeni cavabı Vaşinqtonun İranın nüvə proqramının gələcəyi və yüksək zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı əvvəlcədən öhdəlik götürülməsi tələbini həll etmir.

Bunun əvəzində Tehran hərbi əməliyyatların dayandırılmasını və İran gəmiləri ilə limanlarına tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması müqabilində Hörmüz boğazının kommersiya gəmiçiliyi üçün mərhələli şəkildə açılmasını təklif edir.

Məlumata görə, nüvə məsələlərinin növbəti 30 gün ərzində ayrıca müzakirə olunması nəzərdə tutulur.

İran həmçinin yüksək zənginləşdirilmiş uranın bir hissəsinin durulaşdırılmasını, qalan hissəsinin isə üçüncü ölkəyə təhvil verilməsini təklif edib.

Qəzet bildirir ki, Tehran ötürüləcək uranın danışıqlar uğursuz olacağı və ya ABŞ-nin sonradan razılaşmadan çıxacağı halda geri qaytarılacağına dair təminat tələb edir.

Bununla yanaşı, İran uranın zənginləşdirilməsinin müvəqqəti dayandırılmasına razılıq versə də, nüvə obyektlərinin sökülməsi tələbini rədd edib.