BAKI, 26 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonda keçirilən qəbul zamanı atəş açan şəxs üzərində bir neçə silah daşıyıb.
Teleqraf xəbər verir ki, bu barədə Tramp insidentdən sonra keçirilən mətbuat konfransında açıqlama verib.
Onun sözlərinə görə, silahlı şəxs təhlükəsizlik məntəqəsinə hücum edib və ABŞ Məxfi Xidmətinin əməkdaşları tərəfindən operativ şəkildə saxlanılıb.
“Şəxs bir neçə silahla təhlükəsizlik məntəqəsinə hücum etdi. O, cəsur Məxfi Xidmət əməkdaşları tərəfindən tutuldu, onlar çox sürətli hərəkət etdilər”, – deyə Tramp bildirib.
ABŞ prezidenti əlavə edib ki, insident zamanı Məxfi Xidmət əməkdaşlarından biri güllə yarası alıb, lakin üzərindəki zirehli jilet onu ağır xəsarətdən qoruyub.
“Bir əməkdaşa atəş açıldı, lakin onu çox keyfiyyətli zirehli jilet xilas etdi. Ona çox yaxın məsafədən güclü silahla atəş açılmışdı, amma jilet öz işini gördü. Mən həmin əməkdaşla danışdım, vəziyyəti yaxşıdır”, – deyə Tramp vurğulayıb.