BAKI, 17 aprel. TELEQRAF

Azərbaycan hazırda 8-i Avropa İttifaqı üzvü olmaqla, ümumilikdə 10 Avropa ölkəsini enerji ilə təmin edir.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: Strateji mərkəzə çevrilmə yolunda" mövzusundakı panel sessiyada deyib.

Azərbaycanın enerji coğrafiyasının genişləndiyini vurğulayan ölkə rəsmisi, Türkiyə ilə birlikdə Azərbaycan qazının Suriyaya çatdırılmasına başlanıldığını diqqətə çatdırıb:

"Bu, Azərbaycan, Türkiyə və Suriya arasında üçtərəfli, uğurlu bir əməkdaşlıq modelidir. Azərbaycan qlobal enerji təchizatı xətlərinə, xüsusilə Avropa dimensiyasına töhfə verməyə davam edəcək”.

Qlobal enerji təhlükəsizliyinin sarsıldığı bir dövrdə Azərbaycanın bərpa olunan enerji sahəsinə böyük investisiyalar yatırdığını deyən H.Hacıyev, Mərkəzi Asiya resurslarının da bu xəttə cəlb edilməsi üzərində işlədiklərini bildirib.

O, Azərbaycanın strateji baxışını "Dörd Dəniz Konsepsiyası" kimi xarakterizə edərək, regionlararası tərəfdaşlığın qurulduğunu qeyd edib.

Logistika xətlərinin pozulduğu bir vaxtda Orta Dəhlizin əhəmiyyətinin artdığını vurğulayan H.Hacıyev, bu dəhlizin artıq əməliyyat xarakterli, multimodal bir marşrut olduğunu bildirib.

O, həmçinin ABŞ və Ermənistanla birlikdə üzərində işlənilən yeni “Tramp Marşrutu” haqqında məlumat verib:

“Bu koridor Mərkəzi Asiya, Qafqaz və Avropa dimensiyasını birləşdirəcək. Ermənistanın tranzit ölkə kimi bu layihəyə daxil edilməsi Azərbaycanın sülh və əməkdaşlıq vizyonunun tərkib hissəsidir. Azərbaycan seqmentində işlərin əksər hissəsi yekunlaşıb və 2026-cı ilin sonuna qədər tam başa çatdırılacaq. Hazırda Naxçıvan istiqamətində ABŞ, Avropa tərəfdaşları və Ermənistanla ikitərəfli əsasda müzakirələr və işlər davam etdirilir”.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş kimi həm enerji, həm də qlobal logistika zəncirində öz rolunu gücləndirməkdə qərarlıdır.