BAKI, 12 aprel. TELEQRAF
İran və ABŞ arasında Pakistanın vasitəçiliyi ilə keçirilən danışıqlar 14 saat davam etdikdən sonra yekunlaşıb, tərəflər isə müzakirələri davam etdirmək niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə İran hökuməti açıqlama yayıb.
Məlumata görə, İslamabad şəhərində keçirilən danışıqlar 14 saatdan sonra rəsmi olaraq başa çatıb. Bildirilib ki, tərəflər arasında fikir ayrılıqları qalmasına baxmayaraq, müzakirələr davam etdiriləcək.
Açıqlamada qeyd olunur ki, texniki qruplar hazırda qarşılıqlı şəkildə material mübadiləsi aparır və danışıqlar prosesi növbəti mərhələdə də davam edəcək.
İran hökumətinin "X" sosial şəbəkəsində yayılan məlumatda vurğulanıb.
“Pakistanın vasitəçiliyi ilə keçirilən İran-ABŞ danışıqları 14 saatdan sonra başa çatıb. Tərəflərin texniki qrupları hazırda material mübadiləsi aparır. Mövcud fikir ayrılıqlarına baxmayaraq, danışıqlar davam edəcək”, - o bildirib.
***
02:30
İslamabadda İran və ABŞ nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu başlayıb.
Qeyd olunur ki, bu, İran və Amerika tərəflərinin bəzi məsələlərdə razılığa gəlməsi üçün son şansdır.
***
22:02
İran və ABŞ nümayəndə heyətləri Pakistanın paytaxtı İslamabadda iki raund danışıqlar aparıblar.
Teleqraf xəbər verir ki, bu barədə İranın dövlət televiziyası IRIB özünün Telegram kanalında məlumat verib .
Media bildirir ki, nümayəndə heyətləri iki raund danışıqlar aparıblar. Üçüncü raund bu gecə keçiriləcək.
Həmçinin aydınlaşdırılır ki, ABŞ öz tələblərində israr etməyə davam edir.