BAKI, 7 aprel. TELEQRAF

Pakistan İranla müharibənin şiddətlənməsi halında Səudiyyə Ərəbistanını dəstəkləyəcək.

Teleqraf xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" saytı məlumat yayıb.

Pakistanın təhlükəsizlik mənbələri bəyan edib ki, krallıqla imzalanmış müdafiə müqaviləsi çərçivəsində İranla müharibənin şiddətlənməsi halında Səudiyyə Ərəbistanı dəstəklənəcək.

Keçən il Səudiyyə Ərəbistanı və Pakistan birgə strateji müdafiə müqaviləsi imzalayıb və bu müqavilədə hər iki ölkəyə qarşı hər hansı təcavüz digərinə təcavüz hesab ediləcək.

Pakistan ordusu İranın Səudiyyə Ərəbistanına qarşı davam edən qisas hücumlarını pisləyərək, onları sülh səylərini pozan eskalasiya adlandırıb.

Pakistan ordusu bildirib ki, Səudiyyə Ərəbistanının İranın təxribatlarına baxmayaraq, səbri və təmkinliliyi ona vasitəçilik üçün qapını açıq saxlamağa imkan verib və "davam edən hücumlar bu qapının bağlanmasına səbəb ola bilər.

Pakistanın iki mənbəyi "Reuters" agentliyinə bildirib ki, ABŞ-ın artan zərbələrinə və Prezident Donald Trampın "cəhənnəmə çevirmək" üçün müəyyən etdiyi son tarixə baxmayaraq, ABŞ və İran arasında danışıqların təşviqi səyləri davam edir.