BAKI, 7 aprel. TELEQRAF

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı qlobal iqtisadi artımı yavaşladacaq və inflyasiyanı sürətləndirəcək.

Teleqraf xəbər verir ki, bu proqnozu Dünya Bankının (DB) prezidenti Ajay Banqa Vaşinqtonda yerləşən Atlantik Şurasında çıxış edərkən verib.

Qlobal iqtisadiyyat üçün fəsadlardan danışan Banqaya görə, münaqişədən əvvəl qlobal ÜDM artımı 2,8-3% proqnozlaşdırılırdı, hazırda isə gözlənti bundan 0,3-0,4 faiz az olacaq.

Banqa əlavə edib ki, münaqişə bölgədə yaşayan insanlara təsir edir: "Bu, Asiyada, Afrikada yaşayan insanlara, idxal olunan neft, gübrə, kükürd, helium və s. məhsullara təsir edir. Ən böyük təzyiq inkişaf etməkdə olan bazarlara düşür”.

Banqa qeyd edib ki, Dünya Bankı müəyyən ölkələrə maliyyə yardımı göstərə bilər: "Həmin ölkələr 20 - 25 milyard dollar maliyyə yardımı ala bilərlər. Növbəti altı ay ərzində bu məbləğ 60-70 milyard dollara qədər artırıla bilər".