BAKI, 29 mart. TELEQRAF
Yaponiya Silahlı Qüvvələrinin Hərbi-Dəniz Qüvvələrində və quru qoşunlarında informasiya müharibəsi üzrə xüsusi bölmələr yaradılıb.
Teleqraf xəbər verir ki, bu barədə "Kyodo News" məlumat yayıb.
Yeni yaradılan bölmələr kibertəhlükəsizlik problemləri və yalan məlumatların yayılmasına qarşı mübarizə ilə məşğul olacaq.
Bildirilir ki, belə bölmələrdən yalnız Hərbi-Dəniz Qüvvələrində xidmət edəcək şəxsi heyətin sayı 3,2 min nəfər təşkil edəcək.
Eyni zamanda, bu ilin yayında fəaliyyətə başlayacaq Yaponiyanın Milli Kəşfiyyat İdarəsində də sosial şəbəkələrdə dezinformasiyaya qarşı mübarizə aparacaq xüsusi şöbə yaradılacaq. Məlumata görə, bu struktur ilk növbədə xarici qüvvələrin ölkədə ictimai rəyə təsir göstərmək və seçkilərin nəticələrinə müdaxilə etmək cəhdlərinin qarşısını almağa çalışacaq.
Yeni bölməyə provayderlərdən bəzi paylaşımların silinməsini və məqsədli şəkildə geniş yayılan dezinformasiyanın mənbəyi hesab edilən hesabların dondurulmasını tələb etmək səlahiyyəti veriləcək.