BAKI, 13 mart. TELEQRAF
Efiopiyanın cənubunda güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 107 nəfərə yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə “Addis Standard” qəzeti yerli hakimiyyət nümayəndələrinə istinadən məlumat yayıb.
Məlumata görə, ən ağır vəziyyət Qamo bölgəsində qeydə alınıb. Dağıdıcı torpaq sürüşmələri və sel nəticəsində həlak olanların sayı 107 nəfərə çatıb. Axtarış qrupları hazırda dağılmış ərazilərdə həyatını itirənlərin cəsədlərinin çıxarılması istiqamətində işlərini davam etdirirlər.
Bildirilir ki, güclü yağışlar martın 9-u gecədən martın 11-i səhər saatlarınadək davam edib. Leysanlar nəticəsində regionun infrastrukturu ciddi zərər görüb, bir çox yollar yuyulub və bağlanıb. Bu isə ictimai nəqliyyatın fəaliyyətində fasilələrə və zərərçəkənlərə yardımın çatdırılmasında çətinliklərə səbəb olub.
Xatırladaq ki, bir neçə gün əvvəl qonşu Keniyada da güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 50 nəfər həyatını itirmişdi. Bundan əlavə, ən azı 2,6 min ailə evlərini tərk etmək məcburiyyətində qalmışdı.