BAKI, 4 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp və Almaniya kansleri Fridrix Mertsin Ağ evdə jurnalistlərlə ünsiyyəti təxminən 35 dəqiqə davam edib.
Teleqraf xəbər verir ki, bu barədə DPA agentliyi yazır.
Bildirilir ki, bu müddətin 30 dəqiqəyə yaxın hissəsində ABŞ lideri danışıb. Mertsə isə mövqeyini ifadə etmək üçün üç dəqiqədən bir qədər artıq vaxt ayrılıb.
Qeyd olunur ki, bu, təxminən 10 ay əvvəl baş tutan ilk ikitərəfli görüşdəki vəziyyətə bənzəyir. Həmin vaxt kansler 3 dəqiqə 50 saniyə, Tramp isə təxminən 36 dəqiqə çıxış etmişdi.
Tramp jurnalistlərin suallarını cavablandırarkən İrana qarşı əməliyyat, Avropa tərəfdaşlarının rolu, NATO-nun müdafiə xərcləri, Ukraynadakı münaqişə, enerji siyasəti və ticarət məsələlərindən danışıb.
Merts isə ABŞ ilə İran məsələsində ortaq mövqeni vurğulayıb, münaqişənin mənfi nəticələrinə diqqət çəkib və Ukrayna mövzusunu qaldırıb. O, həmçinin İspaniyanı müdafiə xərclərini artırmağa razı salmağa çalışacağını bildirib.
Bu, Mertsin 2025-ci ilin mayında kansler vəzifəsinə başlamasından sonra ABŞ-yə üçüncü səfəridir.