BAKI, 26 fevral. TELEQRAF
İranın xarici işlər naziri Abbas Əraqçi Cenevrədə Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə görüşərək ABŞ-la mümkün razılaşmanın əsas bəndlərini ona təqdim edib.
Teleqraf xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.
Məlumata görə, danışıqlar zamanı Abbas Əraqçi Oman tərəfinə ABŞ ilə əldə oluna biləcək razılaşmaların maddələrini izah edib. Qeyd olunur ki, söhbət İranın nüvə proqramı ilə bağlı razılaşmadan və İslam Respublikasına qarşı tətbiq edilmiş ABŞ sanksiyalarının ləğvindən gedib.
"Al Jazeer"a bildirir ki, İran xarici işlər naziri nümayəndə heyətinin başında ABŞ ilə nüvə məsələsi üzrə üçüncü raund dolayı danışıqlarda iştirak etmək üçün Cenevrəyə səfər edib. Bu danışıqların cümə axşamı keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, yanvar ayında Ağ ev İrana qarşı güc tətbiqi ehtimalının ciddi şəkildə nəzərdən keçirildiyini bəyan etmişdi. Vaşinqton eyni zamanda Tehranın danışıqlar masasına əyləşərək nüvə silahından tam imtinanı nəzərdə tutan “ədalətli və bərabərhüquqlu” saziş imzalayacağına ümid etdiyini bildirmişdi. İran rəsmiləri isə dəfələrlə atom bombası yaratmaq niyyətində olmadıqlarını açıqlayıblar.