BAKI, 18 fevral. TELEQRAF

İsveçin Təhlükəsizlik Polisi ABŞ-nin sorğusu əsasında Rusiya vətəndaşını saxlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "TV4" telekanalı məlumat yayıb.

Məlumata görə, həmin şəxs ABŞ-də qiyabi həbs qərarından sonra beynəlxalq axtarışda olub. O, dekabr ayında Stokholmda saxlanılıb. Rusiya vətəndaşı 2022–2023-cü illər dövründə sanksiyaların pozulmasında şübhəli bilinir. Vaşinqton saxlanılan şəxsin ekstradisiyasını tələb edir.

İsveç prokurorluğu və İsveçin Təhlükəsizlik Polisi işin detalları ilə bağlı şərh vermir. İsveçin Təhlükəsizlik Polisinin sözçüsü Yunatan Svensson bildirib ki, söhbət beynəlxalq həbs orderindən gedir və qurum başqa bir ölkəyə cinayət işi üzrə yardım göstərdiyi üçün təfərrüatları açıqlaya bilməz.

Stokholm Dairə Məhkəməsi baş prokuror, Ali Məhkəmə və hökumət tərəfindən ekstradisiya qərarı təsdiqlənənədək şübhəlinin həbsdə saxlanılması barədə qərar qəbul edib.