BAKI, 15 aprel. TELEQRAF

Bakının Binəqədi rayonunda qardaşını qətlə yetirməkdə təqsirləndirilən Amin Nurinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror Amin Nurinin 18 il 3 ay azadlıqdan məhrum edilməsini təklif edib.

Daha sonra prosesdə hökm oxunub.

Hökmə əsasən, Amin Nuri 16 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il iyulun 3-ü səhər saatlarında Binəqədi rayonunun ərazisində baş verib. 1996-cı il təvəllüdlü Aslan Elgün oğlu Nuri yaşadığı evdə qətlə yetirilib. Aslan Nurinin qardaşı 1991-ci il təvəllüdlü Amin Nuri hadisədən sonra polis şöbəsinə gedərək qardaşını öldürdüyünü etiraf edərək könüllü təslim olub.

Amin Nurinin barəsində 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 157,1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə yekun ittiham elan olunub.