BAKI, 13 fevral. TELEQRAF

Avropa Komissiyası Tbilisiyə qarşı tətbiq edilən sanksiyalar çərçivəsində Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız rejimin fəaliyyətinin dayandırılması proseduruna başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Markus Lammert Brüsseldə keçirilən brifinqdə məlumat verib.

Markus Lammert qeyd edib ki, qərarın yaxın vaxtlarda rəsmiləşəcəyi gözlənilir:

"Ötən ay Avropa Komissiyası diplomatik pasport sahibləri və onların ailə üzvləri üçün vizasız rejimin dayandırılması proseduruna start verib. Aİ ölkələri artıq bu qərara müsbət rəy veriblər. İndi komissiya növbəti addımları ata bilər və bu barədə yaxın zamanlarda rəsmi məlumat veriləcək".

Eyni brifinqdə çıxış edən Aİ-nın xarici işlər xidmətinin rəsmi nümayəndəsi Ənvər Əl-Anuni Gürcüstan rəhbərliyinə qarşı ittihamlar səsləndirib. O, Gürcüstanı "demokratik normalardan uzaqlaşmaqda" və "vətəndaş cəmiyyəti üçün məkanı daraltmaqda" günahlandırıb.