BAKI, 12 fevral. TELEQRAF
Ukrayna Ali Radasının deputatları zəhərlənib.
Teleqraf xəbər verir ki, bu barədə "Ukrainskaya Pravda" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, Ukrayna Ali Radası deputatlar arasında mümkün qida zəhərlənməsi ilə bağlı yekun nəticələrin laboratoriya müayinələrindən sonra veriləcəyini açıqlayıb.
"Ukraynada deputatlar arasında mümkün qida zəhərlənməsi halları ilə bağlı mediada yayılan məlumatları təsdiqləyirik. Bu məlumatı aldıqdan dərhal sonra araşdırma başladılıb. Sanitariya və Epidemiologiya Xidmətinin mütəxəssisləri hazırda şəraiti və istehlak edilən qidaların siyahısını müəyyən etmək üçün araşdırma aparırlar. Laboratoriya müayinələri üçün nümunələr toplanılıb" - açıqlamada bildirilir.
Ali Rada aparatının mətbuat xidməti rotavirus infeksiyası və ya digər kəskin bağırsaq infeksiyası ehtimalının araşdırıldığını qeyd edib.
Ali Rada deputatlar arasında kütləvi qida zəhərlənməsi baş verdiyinə görə iclasını keçirə bilmədi. Deputatlar iddia edirlər ki, onlar Radanın kafesində zəhərləniblər.
"Ukrainskaya Pravda"nın məlumatına görə, onlarla deputat zəhərlənib. Əksəriyyətində oxşar simptomlar var: yüksək hərarət, halsızlıq və ishal.