BAKI, 12 fevral. TELEQRAF

Tbilisi ümid edir ki, Avropa İttifaqı Gürcüstanın Kulevi limanını Rusiyaya qarşı 20-ci sanksiya paketinə daxil etməyəcək, çünki belə bir qərar Avropaya Cənubi Qafqaz və Orta Asiyanın xammal və enerji ehtiyatlarına çıxış imkanı verən Orta Dəhlizə zərər verəcək.

Teleqraf "Georgi Online" saytına istinadən xəbər verir ki, bu barədə Gürcüstan xarici işlər nazirinin müavini Giorgi Zurabaşvili Aİ səfiri Pavel Gerçinski ilə görüşündə bildirib.

Zurabaşvili Kulev limanını Xəzər-Qara dəniz-Avropa strateji dəhlizində birləşdirici hissə kimi təqdim edib. O həmçinin Gerçinskiyə Gürcüstanın Rusiyaya qarşı bütün AB sanksiyalarına əməl etdiyini və onları aşmaq cəhdlərinin qarşısını aldığını deyib:

"Kulev limanının Aİ sanksiya siyahısına daxil edilməsi ilə bağlı mətbuatda yayılan məlumatlar tamamilə anlaşılmaz, əsassızdır və heç bir faktiki əsasa malik deyil, çünki Kulev limanına sanksiyalar altında olan gəminin gəlməsi və ya sanksiyalardan yayınma halları qeydə alınmayıb " .

Gürcüstan tərəfi ümid edir ki, Aİ Gürcüstanın Rusiyanın sanksiyalardan yayınmanın qarşısını almaq üçün geniş səylərini nəzərə alacaq və Kulev limanının ayrılmaz hissəsi olduğu strateji dəhlizə xələl gətirməyəcək.

Qərb mediası bu həftə xəbər verib ki, Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketinin bir hissəsi olaraq, ilk dəfə olaraq üçüncü ölkə limanlarına - Gürcüstandakı Kulevi və İndoneziyanın Karimun limanlarına Rusiya nefti ilə bağlı fəaliyyətlərinə görə məhdudiyyətlər tətbiq etmək niyyətindədir.

Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas məsələ ilə bağlı şərh verməkdən imtina edərək , hələlik konkret təkliflər üzrə razılığa gəlinmədiyini vurğulayıb.

Gürcüstanın yeganə neft emalı zavodu Kulevidə yerləşir. Layihə dövlətə məxsus Gürcüstan İnkişaf Fondu və hakim "Gürcü Arzusu" partiyasının qurucusu Bidzina İvanişvilinin sahib olduğu Kartu Bankının iştirakı ilə həyata keçirilir.