BAKI, 13 fevral. TELEQRAF

ABŞ Konqresinin Senatı prosedur səsverməsində Daxili Təhlükəsizlik Nazirliyinin (DTN) maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini dəstəkləməyib.

Teleqraf xəbər verir ki, sənədin lehinə 52 senator, əleyhinə isə 47 senator səs verib.

Lakin layihənin növbəti mərhələyə keçməsi üçün azı 60 senatorun dəstəyi tələb olunurdu. Qanun layihəsi maliyyə ilinin sonunadək (ABŞ-də 30 sentyabrda başa çatır) DTN-nin maliyyələşdirilməsini nəzərdə tuturdu.

Bu səbəbdən DTN 14 fevraldan etibarən fəaliyyətini qismən dayandıracaq. Bu, son aylar ərzində ABŞ hökumətində üçüncü “şatdaun”, yəni hökumətin qismən fəaliyyətinin dayandırılması olacaq.