BAKI, 7 fevral. TELEQRAF

Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiyalar paketi çərçivəsində ixrac məhdudiyyətlərini daha da sərtləşdirməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen məlumat verib.

Yeni tədbirlər ümumi dəyəri 360 milyon avrodan artıq olan mal və xidmətlərin ixracına qadağanı nəzərdə tutur.

Avropa Komissiyasının mətbuat xidmətinin yaydığı bəyanata əsasən, sanksiyalar rezin məmulatlardan və traktor texnikasından tutmuş kibertəhlükəsizlik sahəsində göstərilən xidmətlərə qədər geniş məhsul və xidmət siyahısını əhatə edəcək.

Bildirilir ki, 20-ci sanksiyalar paketi çərçivəsində həmçinin Rusiya neftinin daşınmasına xidmət göstərilməsinə tam qadağa, eləcə də ölkənin daha 20 regional bankının qara siyahıya salınması nəzərdə tutulur.

Bundan əlavə, Aİ yeni sanksiyalar çərçivəsində daha 43 tankeri də qara siyahıya daxil etməyi planlaşdırır.