BAKI, 6 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın İrana münasibətdə diplomatiyadan başqa seçimləri də var.

Teleqraf xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Tramp tələblərini açıq şəkildə ifadə edib və İranın nüvə potensialının tam sıfırlanmasını əsas şərt kimi irəli sürür. Livitt qeyd edib ki, ABŞ lideri razılaşmanın mümkün olub-olmadığını görmək istəyir.

“Aparılan danışıqlar fonunda İran rejiminə xatırlatmaq istərdim ki, prezidentin diplomatiyadan başqa da bir çox variantı mövcuddur. O, dünya tarixində ən güclü silahlı qüvvələrin baş komandanıdır”, - deyə Ağ Evin sözçüsü vurğulayıb.

Məlumata görə, ABŞ və İran fevralın 6-da Omanda Tehranın nüvə proqramı ilə bağlı danışıqlar aparacaq.