BAKI, 6 fevral. TELEQRAF

“Vuklodon TR” MMC-nin rəhbərinin ölkədən çıxışına məhdudiyyət tətbiq edilib.

Teleqraf xəbər verir ki, şirkətin vergi və sosial ödənişlər üzrə borclarının olması ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə xüsusi icraat qaydasında müraciət edib. İdarə borcun ödənilməsinin təmin edilməsi məqsədilə cavabdeh şəxsin ölkədən çıxış hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş edib.

Məhkəmə materiallarından məlum olub ki, “Vuklodon TR” MMC-nin Dövlət Sosial Müdafiə Fonduna 4800 manat, vergi orqanlarına isə 62 min manat borcu mövcuddur.

Qeyd edək ki, şirkətin nizamnamə kapitalı 10 manat təşkil edir. Hüquqi şəxsin qanuni təmsilçisi Şahid Məmmədov İsmayıl oğludur. Şirkət Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, yaşayış sahəsi V, ev 31, mənzil 19 ünvanında qeydiyyatdadır.

Şahid Məmmədovun Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olması səbəbindən işə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə onun ölkədən çıxışına məhdudiyyət qoyulub.

Məlumata görə, “Vuklodon TR” MMC Azərbaycanda pərakəndə sement satışı ilə məşğul olub.