BAKI, 4 fevral. TELEQRAF

Dağıstan gömrükçüləri Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyaya daxil olan yük avtomobilində külli miqdarda narkotik vasitə aşkarlayıblar.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Şimali Qafqaz Gömrük İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı avtomobildə qanuni yüklərin arasında gizlədilmiş 122 ədəd şəffaf polietilen bağlama aşkar edilib. Ekspertiza bağlamalardakı maddənin marixuana olduğunu təsdiqləyib ümumi çəkisi 122 kq-dan artıq olub.

Müsadirə olunmuş narkotik partiyasının "qara bazar"dakı təxmini qiyməti 200 milyon rubldan (təxminən 3.7 milyon AZN) çoxdur.

Yük maşınını idarə edən şəxs Rusiya vətəndaşıdır. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 229.1-ci maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı) ilə cinayət işi açılıb.

Qanunvericiliyə əsasən, bu cinayətə görə 15 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası nəzərdə tutulur.