BAKI, 31 yanvar. TELEQRAF
İsrail ordusu Qəzzada səhiyyə qurumları tərəfindən açıqlanan ölüm statistikasının ümumilikdə doğru olduğunu etiraf edib. Bu, İsrail rəsmilərinin illərdir həmin məlumatları “HƏMAS təbliğatı” adlandırmasından sonra mövqeyində kəskin dönüş kimi qiymətləndirilir.
Teleqraf xəbər verir ki, “The Guardian” qəzetinin yazdığına görə, İsrailin yüksək vəzifəli təhlükəsizlik rəsmisi yerli jurnalistlər üçün keçirdiyi brifinqdə 2023-cü ilin oktyabrından bu yana Qəzza zolağında İsrailin hücumları nəticəsində təxminən 70 min fələstinlinin həlak olduğunu bildirib. Bu rəqəmə itkin düşən şəxslər daxil deyil.
Bu, İsrailin Qəzza müharibəsi zamanı ölənlərin ümumi sayı ilə bağlı ilk rəsmi qiymətləndirməsi hesab olunur. Daha əvvəl İsrail hökuməti və ordusu yalnız öldürüldüyü iddia edilən silahlı qrupların üzvləri barədə rəqəmlər açıqlayırdı.
Qəzzanın səhiyyə qurumları isə İsrailin hücumları nəticəsində birbaşa həlak olanların sayının 71 min 660 nəfəri keçdiyini, azı 10 min nəfərin isə dağıntılar altında itkin düşmüş hesab edildiyini bildirir.
İsrail rəsmiləri və mediası uzun müddət bu statistikaları qeyri-dəqiq adlandıraraq rədd etmişdi. Mövqedəki bu dəyişiklik İsrailin Qəzzadakı hərbi əməliyyatlarının əsaslandırılması ilə bağlı daha geniş suallar doğurub. BMT komissiyası, hüquq-müdafiə təşkilatları və bir sıra alimlər İsraili Qəzzada soyqırım törətməkdə ittiham edir.
İsrailin “Haaretz” qəzeti brifinqdən sonra yazıb ki, bu gecikmiş etiraf ordunun və hökumətin Qəzza ilə bağlı açıqlamalarının etibarlılığı məsələsini gündəmə gətirir.
Məlumata görə, İsrail ordusu əvvəllər Qəzzada 22 min silahlının öldürüldüyünü iddia edib. Bu isə İsrailin öz hesablamalarına görə, ölənlərin üçdə ikisindən çoxunun mülki şəxslər olması ehtimalını yaradır. Bu göstərici İsrailin gizli hərbi bazasında qeyd olunan 83 faizlik mülki itki nisbətindən az, lakin baş nazir Benyamin Netanyahunun daha əvvəl səsləndirdiyi 50 faiz iddiasından xeyli yüksəkdir.
İsrail ordusunun sözçüsü brifinqdə səsləndirilən rəqəmi nə təsdiqləyib, nə də təkzib edib və bildirib ki, yayımlanan məlumatlar Müdafiə Qüvvələrinin rəsmi statistikasını əks etdirmir.
Bununla yanaşı, İsrail ordusu Qəzza ilə Misir arasındakı əsas keçid məntəqəsi olan Rəfah sərhəd-keçidinin bazar günü yenidən açılacağını da açıqlayıb. Keçid məntəqəsi 2024-cü ilin mayında İsrail qüvvələrinin bölgəyə nəzarəti ələ keçirməsindən sonra ilk dəfə fəaliyyət göstərəcək.
Bildirilir ki, Qəzzanı tərk etmiş fələstinlilər müharibə başlayandan bəri ilk dəfə geri qayıtmaq üçün müraciət edə biləcəklər. Keçid Avropa İttifaqının qüvvələri tərəfindən nəzarətdə saxlanılacaq, lakin giriş-çıxışa tam nəzarət İsrail tərəfində qalacaq. Keçidin yalnız piyadalar üçün açılması isə humanitar yardımın çatdırılmasında ciddi yüngüllük yaratmayacaq.