BAKI, 31 yanvar. TELEQRAF

ABŞ hökuməti Səudiyyə Ərəbistanına "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlərin mümkün satışına razılıq verib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə agentliyi məlumat yayıb.

Qurum hökumətlərarası müqavilələr çərçivəsində hərbi texnika və silah tədarükünə cavabdehdir.

Məlumata görə, Səudiyyə Ərəbistanı ABŞ-dən 730 ədəd "PAC-3 MSE" zenit idarəolunan raketi və müşayiətedici avadanlıq almaq üçün müraciət edib. Ümumi dəyəri 9 milyard dollar olan sövdələşmə ABŞ Dövlət Departamenti tərəfindən təsdiqlənib və bununla bağlı rəsmi bildiriş Konqresə göndərilib.

Açıqlamada qeyd olunur ki, raketlərin Səudiyyə Ərəbistanına satışı ABŞ-nin xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə uyğundur. Sənəddə vurğulanır ki, bu satış regionda qüvvələr balansını dəyişməyəcək. Pentaqonun mövqeyinə əsasən, razılaşma ABŞ Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə də mənfi təsir göstərməyəcək.