BAKI, 31 yanvar. TELEQRAF

Qərb ölkələrinin xüsusi xidmət orqanları Tehranın nüvə silahı hazırlaması ilə bağlı fəaliyyət apardığını təsdiqləyən faktlar aşkar etməyib.

Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" qəzeti kəşfiyyat məlumatları ilə tanış mənbələrə istinadla yazıb.

Məlumata görə, Qərb kəşfiyyat qurumları uranın silah səviyyəsinədək zənginləşdirilməsi və ya real nüvə döyüş başlığının hazırlanması istiqamətində hər hansı addımların atıldığını qeydə almayıb. Qeyd olunur ki, iyun ayında zərbələrə məruz qalan üç obyektdə basdırılmış zənginləşdirilmiş uran ehtiyatları yerində qalır və, görünür, toxunulmaz vəziyyətdədir.

ABŞ-NİN qiymətləndirmələrinə əsasən, İran yeni nüvə obyektləri inşa etməyib. Bununla belə, Natanz və İsfahandakı yarımçıq obyektlərdə müəyyən fəallıq müşahidə olunub. İsrail və ABŞ kəşfiyyat xidmətlərinin iddiasına görə, 2025-ci ildə həyata keçirilmiş hərbi əməliyyat İranın nüvə layihəsini altı aydan bir ilədək geriyə salıb. Bildirilir ki, Fordo obyektindəki sentrifuqalar hələ də işlək vəziyyətdə deyil.

Eyni zamanda, Pentaqonun rəsmi qiymətləndirmələri ABŞ prezidenti Donald Trampın açıqlamaları ilə qismən ziddiyyət təşkil edir. Tramp İranın nüvə potensialının tamamilə məhv edildiyini desə də, ABŞ-nin milli təhlükəsizlik strategiyasında bu potensialın yalnız əhəmiyyətli dərəcədə zəiflədildiyi qeyd olunur.