BAKI, 31 yanvar. TELEQRAF

Saheldə fəaliyyət göstərən “İslam Dövləti” terror qruplaşması Nigerin paytaxtı Niameydə yerləşən beynəlxalq hava limanı və ona bitişik hərbi hava bazasına edilən hücumun məsuliyyətini üzərinə götürüb.

Teleqraf xəbər verir ki, bu barədə radikal qruplaşmaların fəaliyyətini izləyən "SITE Intelligence Group" məlumat yayıb.

Məlumata görə, hücum cümə axşamı gecə yarısından az sonra başlayıb. Motosikletlə hərəkət edən silahlılar ağır silahlar və pilotsuz uçuş aparatlarından istifadə edərək “gözlənilməz və koordinasiyalı” zərbələr endiriblər. Hücumla bağlı açıqlama “İslam Dövləti”nin Saheldəki qanadının təbliğat orqanı olan “Amaq” xəbər agentliyi vasitəsilə yayılıb.

Hava limanı Niger prezident sarayından və əvvəllər ABŞ, daha sonra isə Rusiya hərbçilərinin istifadə etdiyi “Base Aérienne 101” hərbi bazasından təxminən 10 kilometr məsafədə yerləşir.

Qeyd edək ki, Niger 2023-cü ilin iyulunda demokratik yolla seçilmiş prezident Məhəmməd Bazumun devrilməsindən sonra hərbi xunta tərəfindən idarə olunur. Hakimiyyət orqanları əvvəllər ölkədəki təhlükəsizlik böhranına görə Benin, Kot-d’İvuar və keçmiş müstəmləkəçi Fransa kimi ölkələri ittiham etsə də, bunu sübut edən faktlar təqdim etməyib.

Niger hərbi rəhbərliyinin başçısı, general Abdurrahman Tçiani hücumdan sonra dövlət televiziyasında çıxış edərək bildirib: “Onların hürməsini eşitdik, indi qoy bizim nərəmizi eşitməyə hazır olsunlar”.

Rəsmi açıqlamaya əsasən, hücum edənlər motosikletlərlə əraziyə daxil olub, təhlükəsizlik qüvvələri isə onların irəliləməsinin qarşısını alıb. Nəticədə 20 silahlı öldürülüb, 11 nəfər saxlanılıb. Hökumət həmçinin sursat anbarlarından birinin alovlandığını bildirib.

Eyni vaxtda qonşu Nigeriyada da pilotsuz uçuş aparatlarından istifadə etməklə hücum qeydə alınıb. “İslam Dövləti – Qərbi Afrika Vilayəti”nin Nigeriyanın Borno ştatında yerləşən Sabon Qari hərbi bazasına hücumu nəticəsində azı doqquz əsgər ölüb, bir neçə nəfər yaralanıb.