BAKI, 31 yanvar. TELEQRAF

Konqo Demokratik Respublikasının şərqində yerləşən şaxtada baş verən uçqun nəticəsində azı 227 nəfər həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi üsyançılar tərəfindən təyin edilmiş Şimali Kivu vilayətinin qubernatorunun mətbuat katibi Lubumba Kamberə Muisa istinadən məlumat yayıb.

Məlumata görə, faciə yanvarın 28-də üsyançı “23 Mart Hərəkatı” (M23) qruplaşmasının nəzarətində olan ərazidə, Rubayya şəhəri yaxınlığında yerləşən şaxtada baş verib. Ölənlərin dəqiq sayı hələlik məlum deyil.

Qeyd olunur ki, sözügedən şaxtada kolumbit-tantalit (koltan) mineralı hasil edilir. Bu xammal elektromobil batareyalarının və mobil telefonların istehsalında geniş istifadə olunduğuna görə dünya bazarında yüksək tələbatla seçilir.

Konqo Demokratik Respublikası kolumbit-tantalit istehsalına görə dünyada lider mövqedədir və hər il təxminən 2 min ton bu mineralı hasil edir. İstehsal olunan koltanın təxminən yarısı məhz Şimali Kivu vilayətinin Rubayya bölgəsindəki mədənlərdən çıxarılır.

Bildirilir ki, M23 qruplaşması 2024-cü ildə ölkənin bu hissəsində kolumbit-tantalit hasil edilən mədənlərin böyük hissəsini ələ keçirib. Konqo hakimiyyəti qonşu Ruandanı M23-ə dəstək verməkdə, həmçinin qruplaşmanın nəzarətində olan ərazilərdə xammalın qanunsuz hasilatı və Ruandaya daşınmasında ittiham edir.