BAKI, 31 yanvar. TELEQRAF

Meksika prezidenti Klaudia Şeynbaum ABŞ prezidenti Donald Trampın Kubaya neft tədarük edən ölkələrə qarşı yeni tariflər tətbiq etmək qərarının adada ciddi humanitar böhrana səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, Şeynbaum bildirib ki, Kuba artıq xroniki yanacaq qıtlığı və uzunmüddətli elektrik kəsintiləri ilə üz-üzədir və yeni tariflər vəziyyəti daha da ağırlaşdıra bilər. Onun sözlərinə görə, bu addım xəstəxanaların fəaliyyəti, ərzaq təminatı və digər əsas xidmətlərə birbaşa təsir göstərə bilər.

Qeyd edək ki, Donald Tramp cümə axşamı icra sərəncamı imzalayaraq milli fövqəladə vəziyyət elan edib və Kubaya neft göndərən ölkələrə qarşı tariflərin tətbiqi üçün hüquqi baza yaradıb. Ağ Evin açıqlamasında bu qərar Kuba hökumətinin Rusiya, HƏMAS və “Hizbullah”la əlaqələri ilə əsaslandırılıb.

Rəsmi açıqlamada Meksikanın adı çəkilməsə də, Klaudia Şeynbaumun hökuməti 2025-ci ildən etibarən Rusiyanı və Venesuelanı geridə qoyaraq Kubanın əsas neft tədarükçüsünə çevrilib.

Meksika prezidenti bildirib ki, hökuməti ABŞ Dövlət Departamentindən tariflərlə bağlı əlavə məlumat almağa çalışacaq, eyni zamanda Kuba xalqına humanitar yardım göstərməyin alternativ yollarını axtaracaq. Şeynbaum vurğulayıb ki, Meksika öz maraqlarını riskə atmadan, lakin həmrəylik prinsipini qoruyaraq hərəkət etməyə çalışacaq.

Kubanın prezidenti Migel Dias-Kanel Bermudes isə “X” sosial şəbəkəsində paylaşım edərək Trampın bu addımının adanın iqtisadiyyatını “boğmaq” məqsədi daşıdığını bildirib və tarifləri sərt ifadələrlə tənqid edib.

“Financial Times” qəzetinin məlumatına görə, hazırkı istehlak və daxili hasilat səviyyəsi nəzərə alındıqda, Kubanın neft ehtiyatları cəmi 15–20 günə çata bilər. Nəşr qeyd edir ki, ölkə yaxın vaxtlarda sərt normalaşdırma tədbirləri ilə üzləşə bilər.

Hazırda Kubada gündəlik 12 saata çatan elektrik kəsintiləri adi hala çevrilib. Bir çox ailə yemək bişirməkdə çətinlik çəkir və qaz balonlarının çatışmazlığı səbəbindən kömürdən istifadə etməyə məcbur qalır.