BAKI, 31 yanvar. TELEQRAF

Kiprdə keçirilən hərbi təlimlər zamanı 13 kiloqramdan artıq partlayıcı maddə – trinitrotoluolun (trotıl) yoxa çıxdığı açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə ada dövlətinin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Xristos Pieris məlumat verib.

Onun sözlərinə görə, hadisə yanvarın 29-da Limassol vilayətinin Kalo Xoryo kəndində yerləşən atış poliqonunda baş verib. Həmin ərazidə mühəndis qoşunlarının təlimləri keçirilirdi. Təlim proqramına uyğun olaraq planlaşdırılan nəzarətli partlayış baş tutmadıqdan sonra təhlükəsizlik protokollarına əməl edilib və kursantlar partlayıcı maddələrin yerləşdirildiyi əraziyə yaxınlaşıblar. Lakin yoxlama zamanı iki partlayıcı qurğunun yerində olmadığı aşkarlanıb.

Xristos Pierisin bildirdiyinə görə, sözügedən qurğular raketlərin məhv edilməsi üçün nəzərdə tutulub və ümumilikdə 30 funt, yəni təxminən 13,6 kiloqram trotıl ehtiva edib.

Hadisədən sonra yanvarın 30-na planlaşdırılan təlimlərin ikinci günü vəziyyət tam aydınlaşdırılanadək təxirə salınıb. Faktla bağlı dərhal araşdırmalara başlanılıb. Araşdırmalara hadisə yerinə gələn Kipr Milli Qvardiyasının komandanı, general-leytenant Emmanuel Teodoru nəzarət edir.

Kipr mətbuatının yazdığına görə, Müdafiə Nazirliyində insidentin böyük ehtimalla partlayıcı maddənin oğurlanması ilə əlaqəli olduğu istisna edilmir.